Vətən Müharibəsinin şəhidi Nəsirov Elçin Ramiz oğlunun məzarı və ailəsi ziyarət olundu.!
25 oktyabr 2025 | 14:23
Bu gün şəhid Nəsirov Elçin Ramiz oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Nəsirov Elçin Ramiz oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin və Füzuli Gənclər Evinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki,Elçin Nəsirov 1988-ci il yanvarın 13-də Füzuli rayonunun Əhmədalılar kəndində dünyaya göz açıb. Yeniyetmə çağlarından vətənpərvərliyi ilə seçilən Elçinin ən böyük arzusu hərbçi kimi Vətən keşiyində dayanmaq olub. Həqiqi hərbi xidməti zamanı hərbi sirlərə mükəmməl yiyələnən Elçin snayperçi olub. O, xidmətini bitirdikdən sonra bir müddət mülki işdə çalışsa da, 2016-cı ilin Aprel döyüşlərindən sonra istəyi ilə müddətdən artıq hərbçi olaraq xidmətə başlayıb.
Həmlə taborunun snayperçisi olan Elçin müharibənin ilk günlərindən döyüşlərə qoşulub. Açdığı dəqiq atəşlərlə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Hadrut qəsəbəsinin və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilən Elçin Nəsirov oktyabrın 25-də Füzulidə Qorqan istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.






