Vətən Müharibəsinin şəhidi Qarayev Cavid Əmirxan oğlunun məzarı və ailəsi ziyarət olundu!
28 oktyabr 2025 | 12:30
Bu gün şəhid Qarayev Cavid Əmirxan oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Qarayev Cavid Əmirxan oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, 1984-cü il sentyabrın 5-də Füzuli rayonu Kərimbəyli kəndində anadan olan Cavid uşaqlıq illərini də elə cəbhəyanı rayonda keçirərək Vətənpərvər ruhda yaşa dolub. O, yeniyetmə çağlarında belə torpağa, vətənə bağlı olması ilə seçilib. Ali təhsilini İdman Akademiyasında aldıqdan sonra həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Cavid xidməti dövründə də nizamlı əsgər olaraq seçilib. Xidmətini bitirdikdən sonra hərbçi olmaq arzusu ilə yaşayan Cavid 2016-cı il Aprel döyüşlərindən sonra öz istəyi ilə müraciət edərək müddətdən artıq xidmətçi olaraq Vətən keşiyində dayanıb. Nizam-intizamı ilə seçilən Cavid çavuş kimi manqa komandiri vəzifəsinə yüksəlib.
Vətən müharibəsi zamanı əks hücumlarda Cavid və manqası ön sıralarda döyüşə qoşulub. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə mərdliyi və qorxmazlığı ilə seçilən Cavid əsl qəhrəman kimi döyüşərək torpaqlarımızın azad edilməsi uğrunda mərdliklə vuruşub. Bir çox strateji yüksəkliklərin azad olunmasında fəallıq göstərən Cavid Qarayev və manqası düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını zərərsizləşdirib. Oktyabr ayının 26-da gərgin döyüşlər zamanı Cavid qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz ailəli idi, iki oğul övladı yadigar qalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğurunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.






