Vətən Müharibəsinin şəhidi Rəhimov Elvin Ehtiram oğlunun məzarı və ailəsi ziyarət olundu!
05 noyabr 2025 | 17:19
Bu gün şəhid Rəhimov Elvin Ehtiram oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Rəhimov Elvin Ehtiram oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd, qəsəbə sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki,1991-ci il noyabrın 20-də Füzuli rayonunun Zərgər kəndində anadan olan Elvin iki yaşında ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçkün düşüb. Yeniyetmə çağlarında Elvin hərbi liseyə daxil olub. Daha sonra ali hərbi məktəbi bitirərək kəşfiyyatçı kimi xidmətə başlayıb. Həmçinin Elvin bir çox xüsusi təlimləri müvəffəqiyyətlə başa vuraraq Xüsusi Təyinatlı Kəşfiyyatçı olaraq Vətən keşiyində dayanıb. Elvin rus, ingilis və erməni dillərini bilirdi.
Vətən müharibəsində xüsusi xidməti ilə seçilən Elvin bir çox uğurlu tapşırıqlarda iştirak edərək Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Noyabrın 4-də Şuşa istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Baş-leytenant Rəhimov Elvin Ehtiaram oğlunn tölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Əlavə olaraq qeyd edək ki, şəhidimiz Elvin Rəhimov evli idi, bir övladı yadigar qalıb.






