Vətən Müharibəsinin şəhidi Rəhimov Şamo Heydər oğlunun məzarı və ailəsi ziyarət olundu!
02 oktyabr 2025 | 14:49
44 günlük Vətən Müharibəsinin şəhidi Rəhimov Şamo Heydər oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şamo Rəhimov 1982-ci il sentyabrın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olan Şamo uşaqlıq illərini də elə cəbhə rayonunda yaşayaraq vətənpərvər ruhda böyüyüb. O, Vətənə bağlı olması ilə seçilib. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Şamo xidməti dövründə də fərqlənib. Sonra müddətdən artıq həqiqi hərbi xidməti seçərək, Vətənin keşiyində dayanıb.
Aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. Vətən müharibəsində də Şamo ön sıralarda döyüşə qoşulub, əsl qəhrəman kimi döyüşüb. Bir çox strateji yüksəkliklərin azad olunmasında fəallıq göstərən Şamo oktyabrın 1-də gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlmişdir. Kərimbəyli kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Şamo Rəhimov ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə ordeni" və “Vətən uğurunda”, "Cəsur döyüşcü", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəli idi, üç övladı yadigar qalıb.






