Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Rüstəmov Zamin Səxavət oğlunun məzarı və ailəsi ziyarət olundu!

04 dekabr 2025 | 14:25
Bu gün şəhid Rüstəmov Zamin Səxavət oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Rüstəmov Zamin Səxavət oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, Kərimbəyli kənd bələdiyyəsi, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, hərbiçilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Zamin Səxavət oğlu 2000-ci il oktyabrın 17-də Füzuli rayonu Aşağı Yağlavənd kəndində dünyaya göz açıb. Öz istedadı ilə fərqlənən Zamin hələ orta məktəb vaxtlarında gözəl səsə malik olub. Elə orta məktəb vaxtı paralel olaraq musiqi təhsili də alıb. Ən çox sevdiyi musiqilər isə Vətənlə bağlı olub. Qarabağ şikəstəsini ifa edən zamanı 14 yaşlı Zamin alqışlarla qarşılanırmış. Onun atası və əmiləri birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Gözəl səsi olsa da, Zamin hər zaman böyüklərinin davamçısı olmağı arzulayıb.
Zamin orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətini Vətən sərhədlərində yerinə yetirib. Bir sərhədçi olaraq Vətənin keşiyində dayanmaq onun üçün fəxr idi. Xidmətini bitirdikdən sonra gizir kursuna daxil olub və yenidən öz seçdiyi şərəfli yoluna davam edib.
Vətən müharibəsi zamanı Zamin kəşfiyyatçı sərhədçi olaraq döyüşlərə qatılıb. İlk döyüş yolu Cəbrayıl istiqamətindən başlayıb. Bir çox kəndlərin azad edilməsində düşmənə vurulan ağır zərbələrdə Zamin qəhrəmanlığı ilə seçilib. Həmçinin Cəbrayılın azad edilməsində böyük şücaət göstərib. O, sonuncu dəfə doğum gününü də döyüşlərdə qarşılayıb.
Zamin və döyüşçü yoldaşlarının növbəti tapşırığı Zəngilan rayonunun işğaldan azad edilməsi olub. Zəngilanda bir çox uğurlu hücumların təşkilində böyük rol oynayıb. Son döyüşü isə oktyabrın 23-də Ağbənd qəsəbəsində olub. Düşmənlə son ana qədər vuruşan Zamin əsir düşməmək üçün özünün sonuncu gülləsi ilə şəhadətə ucalıb.
Şəhidimizin Vətənlə bağlı olan arzuları kimi öz ailəsi və həyatına aid bir çox planları da vardı. Lakin söhbət Vətən torpağı olunca, bu arzuları yarıda saxlamışdır. Şəhidimiz Füzuli rayon Aşağı Yağlıvənd kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Zamin Rüstəmov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda”, “Zəngilanın azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər