Vətən Müharibəsinin şəhidi Rzayev Nurlan Yusif oğlunun məzarı və ailəsi ziyarət olundu!
18 oktyabr 2025 | 15:39
Bu gün şəhid Rzayev Nurlan Yusif oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Rzayev Nurlan Yusif oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər kənd, qəsəbə sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Nurlan 1991-ci il mayın 23-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində dünyaya göz açıb. Hələ iki yaşında olarkən ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçkün düşərək Beyləqan şəhərində məskunlaşıb.
Vətən həsrətinin nə olduğunu yeniyetmə çağlarından anlayan Nurlan 2014-cü ildə hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Vətən müharibəsi başlanan tarixdən könüllü olaraq ordu sıralarına qatılıb və Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. İşğal altında olan torpaqlarımızın azad olunmasında böyük fədakarlıq göstərib. Oktyabrın 17-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və Beyləqan rayonunun Şəfəq qəsəbəsi qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Nurlan Rzayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşcü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhid Nurlan Rzayevin atası Yusif Rzayevdə I Qarabağ müharibəsinin iştirakçısı olub.






