Vətən Müharibəsinin şəhidi Sadıqov Vüsal İsmayıl oğlunun məzarı və ailəsi ziyarət olundu!
31 oktyabr 2025 | 17:59
Bu gün Şəhid Sadıqov Vüsal İsmayıl oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Sadıqov Vüsal İsmayıl oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mdəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şəhid Sadıqov Vüsal İsmayıl oğlu 24 dekabr 1990-cı ildə Füzuli rayon Əhmədbəyli kəndində anadan olmuşdur. 1997-ci ildə Füzuli rayon general M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2008-ci ildə həqiqi hərbi xidmətə getmiş və 2010-cu ildə həqiqi hərbi xidməti uğurla bitirmişdir. 2012-ci ildə könüllü olaraq N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu olaraq, sürücü vəzifəsində xidmət etməyə başlamışdır.
2016-cı il Aprel döyüşlərinin iştirakçısıdır. Aprel döyüşlərində xüsusi şücaəti ilə seçilmiş və Fəxri Fərmanlarla təltif olunmuşdur. Vətən müharibəsi başlanan tarixdən Vüsal ön cəbhədə xüsusi igidliklə iştirak etmişdir. 31 oktyabr 2020-ci ildə Füzuli rayonunda gedən döyüş əməliyyatlarında Vüsal qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Vüsal Sadıqov ölümündən sonra “Vətən uğrunda”, "Hərbi xidmətlərdə fərqlənməyə görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.






