Vətən Müharibəsinin şəhidi Salmanov İsmayıl Rəhman oğlunun məzarı və ailəsi ziyarət olundu!
24 oktyabr 2025 | 15:20
Bu gün şəhid Salmanov İsmayıl Rəhman oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Salmanov İsmayıl Rəhman oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Əslən Füzuli rayonunun Alıxanlı kəndindən olan Salmanov İsmayıl Rəhman oğlu 17 may 1997-ci ildə məcburi köçkün ailəsində İmişli rayon Bəhrəmtəpə qəsəbəsində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarındaykən ermənilərin Azərbaycan xalqına etdiyi zülmlər haqda valideynlərindən məlumat almışdır. Birinci Qarabağ müharibəsində şəhid olan dayısının qəhrəmanlıqlarından xəbərdar olan İsmayıl vətənpərvər ruhda böyüyərək gələcəyin hərbiçisi olacağına qərar verib. Yeniyetmə çağlarında isə İsmayıl və ailəsi Zobucuq qəsəbəsində məskunlaşır.
Orta məktəbdə oxuyarkən hərbi akademiyada təhsil almaq istəsə də, bəzi çətinliklər səbəbindən onun arzusu gerçəkləşmir. Həqiqi hərbi xidmətə yollanan İsmayıl ön cəbhədə qulluq edir. Hərbi xidməti başa vurduqdan sonra mülki işdə çalışmağa başlayır. İsmayıl hərbçi olmaq arzusunun arxasınca gedir, mülki işindən imtina edərək hərbçi olur və həmlə taborunda Vətənin keşiyində dayanır.
İsmayıl işğal altında olan torpaqlarımızın azad ediləcəyi günə inanırdı. Ana yurdu Xocavənd, ata yurdu isə Füzuli rayonu olan İsmayıl öz ailəsinə “sizləri o torpağa qovuşduran biz olacağıq”, - deyə söz vermişdir. O, sözünə sadiq qalaraq torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər qəhrəmancasına döyüşüb. Ata və anasına isə “torpaqlarımız azaddır”, - deyə müjdəsini çatdırıb.
İsmayıl kimi qəhrəman oğulların şücaəti nəticəsində torpaqlarımız düşmən tapdağından azad oldu. Hələ 1990-cı illərdə erməni vəhşiliyinə şahid olan şəhidin dayısı söyləyib ki, ermənilər dinc əhaliyə qarşı amansızlıq törədərək bizləri doğma torpaqlarımızdan didərgin saldılar. Vaxtilə torpaqlarımızda qucaq açdığımız ermənilər bizlərə qarşı namərdlik etdi. Lakin bu gün qəhrəman oğullarımız torpaqlarımızı azad etməklə şəhidlərimizin qisasını almışdır. Sentyabrın 27-də düşmənin hücumunun qarşısını almaq məqsədilə başlayan əks-həmlə əməliyyatlarında İsmayıl ilk döyüşə atılanlardan oldu. Onun döyüş yolu Cəbrayıl, Xocavənd, Füzulidən keçib. Həmlə taborunda snayperçi olan İsmayıl düşmənin xeyli canlı qüvvəsinin məhv edilməsində yaxından iştirak etmişdir. Vətən müharibəsinin 28-ci günündə, oktyabrın 24-də İsmayıl Füzuli rayonu ərazisində İlandağ deyilən yerdə gərgin döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. İsmayıl Füzuli rayonu Alxanlı kəndində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən İsmayıl Salmanov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






