Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Süleymanov Elçin Tehran oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!

30 sentyabr 2025 | 14:52
44 günlük Vətən Müharibəsinin şəhidi Süleymanov Elçin Tehran oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Süleymanov Elçin Tehran oğlu 1991-ci il noyabrın 29-da Böyük Bəhmənli kəndində anadan olub. Uşaq yaşlarından hərbçi olmağı arzulayan Elçinin ən böyük istəyi tankçı olmaq idi. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan Elçin xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq hərbçi kimi ordu sıralarında Vətənin keşiyində dayanıb. O, uşaqlıq arzusuna çataraq peşəkar tankçı olub, xidmətə davam edib. Vətən müharibəsinin ilk günündə düşmənə sarsıdıcı zərbələrin vurulmasında və sədlərin yarılmasında Elçin və yoldaşları böyük şücaət göstəriblər. Onların tankı vurulsa da, dayanmayıb, irəli gediblər. Düşmən tərəfindən açılan növbəti atəş zamanı tank yararsız hala düşüb və heyət üzvlərini yaralı görən Elçin döyüş yoldaşlarını xilas edib.
Döyüşlərin ilk üç günündə Elçin torpaqlarımızın azadlığı uğrunda əsl qəhrəmanlıq nümayiş etdirib. Sonuncu dəfə qardaşı ilə danışan qəhrəmanımız “qələbə bizimlədir, hər şey yaxşı olacaq. Artıq Vətən həsrətinə son qoyulacaq” deyib. Belə də oldu... Amma Elçin özü sentyabrın 30-da gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elçin Süleymanov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəli idi, bir qız övladı yadigar qalıb.
Keçidlər