Vətən Müharibəsinin şəhidi Talıbov Məhəmməd Aydın oğlunun məzarı və ailəsi ziyarət olundu!
03 noyabr 2025 | 17:08
Bu gün şəhid Talıbov Məhəmməd Aydın oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Talıbov Məhəmməd Aydın oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şəhid Məhəmməd Talıbov 10 mart 1996-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Talıbov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Şuşa şəhəri ətrafında döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasınən Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif edildi.






