Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Tarıverdiyev Cabir Səmid oğlunun məzarı və ailəsi ziyarət olundu!

09 noyabr 2025 | 16:45
Bu gün şəhid Tarıverdiyev Cabir Səmid oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Tarıverdiyev Cabir Səmid oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Tarverdiyev Cabir Səmid oğlu 1987-ci ildə Füzuli rayon Araz Dilağarda kəndində anadan olub. 1994-cü ildə Araz Dilağarda kənd orta məktəbində 1-ci sinfə gedib, 2005-ci ildə həmin məktəbi bitirib. 2006-2007-ci illərdə sərhəd qoşunlarının N saylı hərbi hissəsində xidmət edib. Hərbi xidmətini bitirdikdən sonra mülki həyatda əsasən rəssamlıqla məşğul olub. Cabirin ürəyində tükənməyən Vətən sevgisi onu yenidən ordu sıralarına qaytarıb. 2011-ci ildən müddətdən artıq qulluqçu kimi tankın sürücü mexaniki olaraq xidmətə başlayıb. Cabir öz istəyi ilə xidməti yerini əvəzləyərək cəbhə bölgəsində xidmət aparıb. Daha sonra tankın tuşlayıcı operatoru olaraq xidmətini davam etdirib. Aprel döyüşlərində Lələ təpənin azad edilməsi zamanı bir tankçı kimi ön sırada gedib və göstərdiyi şücaətlə seçilib. 2018-ci ildə gizir rütbəsinə qədər yüksələrək tank komandiri vəzifəsini icra edib.
Xidməti illərində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı və bir çox fəxri fərmanlarla təltif edilib.
Düşmən təxribatının qarşısının alınması məqsədilə başlayan əks-hücum zamanı Cabirin ilk döyüş yolu Cəbrayıl rayon Mehdili kənd istiqamətində kəşfiyyat hərbi hissəsinin həmlə taboruyla birgə olub və düşmən səngərinə tankla ağır zərbələr endirərək həmin istiqamətdə cəbhənin yarılmasına nail olub. Cəbrayıl ərazisində yaralanan Cabir hospitala təxliyə olunub. Buna baxmayaraq, öz ərizəsi ilə yenidən heyəti ilə birlikdə döyüşlərə qatılıb. Füzuli, Qubadlı istiqamətində gərgin döyüşlər zamanı düşmənə tankla ağır zərbələr vurub. Döyüşlərin birində ikinci dəfə yaralanan Cabir yenidən hospitala təxliyə edilib. Lakin Cabir yenidən döyüşlərə qoşulub. Tank heyəti ilə birlikdə növbəti döyüşü Xocavəndin azad olunması istiqamətində olub. Cabir Xocavənd istiqamətində düşmənə aid havadan müdafiə sistemini tankla məhv edib, daha sonra düşmənin iki hədəfini sıradan çıxarıb. Tankının hədəfdə olduğunu bilsə də geri çəkilmir və düşmənin strateji mövqedə olan digər hədəfini məhv etmək üçün irəliləyərək istəyinə nail olub. Müharibə başlayan gündən birlikdə olduqları döyüş yoldaşları - tuşlayıcı Ələsgərov Yusif Yaşar oğlu, sürücü-mexanik Abdullayev Elgün Əmirxan oğlu ilə birgə noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Cabir Tarıverdiyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər