Vətən Müharibəsinin şəhidi Vəliyev Elmir Məmmədqulu oğlunun məzarı və ailəsi ziyarət olundu!
28 oktyabr 2025 | 15:32
Bu gün şəhid Vəliyev Elmir Məmmədqulu oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Vəliyev Elmir Məmmədqulu oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Elmir Vəliyev 1986-cı il aprelin 13-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1992-2003-cü illərdə şəhid Əkrəm Səlimov adına Füzuli rayonu Kərimbəyli kənd orta məktəbində təhsil alıb. 2004-2006-cı illərdə həqiqi hərbi xidməti başa vurub, daha sonra müddətdən artıq hərbçi olaraq tankçı kimi ordu sıralarında qalaraq Vətənin keşiyində dayanıb. Aprel döyüşlərinin də iştirakçısı olan Elmir tankçı kimi xüsusilə fərqlənib və fəxri fərmanlarla təltif edilib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ilk döyüşə qoşulanlar sırasında da yer alıb. Cəbhənin yarılmasında fərqlənən Elmir düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Həmçinin Füzuli və Xocavənd rayonlarının, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət ilə seçilib və bir çox yaşayış məntəqələrinin, strateji yüksəkliklərin alınmasında iştirak edib. Elmir oktyabrın 27-də gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elmir Vəlyev ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğurunda”, “Cəsur döyüşcü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ailəli olub, iki övladı yadigar qalmışdır.






