Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Vəliyev Qoşqar Nuruş oğlunun məzarı və ailəsi ziyarət edildi!

24 noyabr 2025 | 12:06
Bu gün şəhid Vəliyev Qoşqar Nuruş oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Vəliyev Qoşqar Nuruş oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayon ictimaəti, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Qoşqar Vəliyev 1989-cu il aprelin 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1996-2007-ci illərdə Füzuli rayonu şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd orta məktəbində təhsil alıb. Hələ yeniyetmə çağlarından hərbiyə marağı olan Qoşqar 2007-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi yollanıb. 2009-cu ilin aprel ayında həqiqi hərbi xidməti xüsusi fərqlənmə ilə başa vurub və 2010-cu ildən könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb.
Qoşqar Vəliyev 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində şücaəti ilə fərqlənib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində tankçı olaraq döyüşlərə qoşulub. Torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə fərqlənən Qoşqar Füzulinin, Cəbrayılın, Xocavəndın, Şuşanın azadlığı uğurunda xüsusi igidlik göstərib. 2020-ci ilin oktyabrında yaralanıb. Hospitala yerləşdirilsə də müalicəsi tam bitmədən döyüş meydanına qayıdıb. Vətən müharibəsi başa çatdıqdan sonra, noyabrın 23-də hərbi texnikanın aşması nəticəsində şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunub.
Qeyd edək ki, Qoşqar Vəliyev ailəli olub bir qız, bir oğlan övladı yadigar qalıb.
Keçidlər