Şəhidlər Vəliyev Elmir Məmmədqulu oğlunun və Qarayev Cavid Əmirxan oğlunun anım günləri qeyd edildi
29 oktyabr 2024 | 11:00
Vətən Müharibəsinin şəhidləri Vəliyev Elmir Məmmədqulu oğlunun və Qarayev Cavid Əmirxan oğlunun anım günləri qeyd edildi. Şəhidlərin məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, idarə-müəssələrin rəhbərləri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, döyüş yoldaşları, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Elmir Vəliyev 1986-cı il aprelin 13-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1992-2003-cü illərdə şəhid Əkrəm Səlimov adına Füzuli rayonu Kərimbəyli kənd orta məktəbində təhsil alıb. 2004-2006-cı illərdə həqiqi hərbi xidməti başa vurub, daha sonra müddətdən artıq hərbçi olaraq tankçı kimi ordu sıralarında qalaraq Vətənin keşiyində dayanıb. Aprel döyüşlərinin də iştirakçısı olan Elmir tankçı kimi xüsusilə fərqlənib və fəxri fərmanlarla təltif edilib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elmir Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ilk döyüşə qoşulanlar sırasında da yer alıb. Cəbhənin yarılmasında fərqlənən Elmir düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Həmçinin Füzuli və Xocavənd rayonlarının, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət ilə seçilib və bir çox yaşayış məntəqələrinin, strateji yüksəkliklərin alınmasında iştirak edib. Elmir oktyabrın 27-də gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elmir Vəlyev ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğurunda”, “Cəsur döyüşcü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ailəli olub, iki övladı yadigar qalmışdır.
Qarayev Cavid Əmirxan oğlu 1984-cü il sentyabrın 5-də Füzuli rayonu Kərimbəyli kəndində anadan olan Cavid uşaqlıq illərini də elə cəbhəyanı rayonda keçirərək Vətənpərvər ruhda yaşa dolub. O, yeniyetmə çağlarında belə torpağa, vətənə bağlı olması ilə seçilib. Ali təhsilini İdman Akademiyasında aldıqdan sonra həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Cavid xidməti dövründə də nizamlı əsgər olaraq seçilib. Xidmətini bitirdikdən sonra hərbçi olmaq arzusu ilə yaşayan Cavid 2016-cı il Aprel döyüşlərindən sonra öz istəyi ilə müraciət edərək müddətdən artıq xidmətçi olaraq Vətən keşiyində dayanıb. Nizam-intizamı ilə seçilən Cavid çavuş kimi manqa komandiri vəzifəsinə yüksəlib.
Vətən müharibəsi zamanı əks hücumlarda Cavid və manqası ön sıralarda döyüşə qoşulub. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə mərdliyi və qorxmazlığı ilə seçilən Cavid əsl qəhrəman kimi döyüşərək torpaqlarımızın azad edilməsi uğrunda mərdliklə vuruşub. Bir çox strateji yüksəkliklərin azad olunmasında fəallıq göstərən Cavid Qarayev və manqası düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını zərərsizləşdirib. Oktyabr ayının 26-da gərgin döyüşlər zamanı Cavid qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz ailəli idi, iki oğul övladı yadigar qalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğurunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.