Yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılması mövzusunda təhsil işçiləri ilə maarifləndirici görüş keçirildi!
29 sentyabr 2025 | 17:33
Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Rayon Polis şöbəsinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin inzibati binasında yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılması mövzusunda təhsil işçiləri ilə maarifləndirici görüş keçirildi.
Görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon Polis şöbəsinin rəisi Zaur Abbasov, QRTİ-nin rayon sektorunun müdiri Ramella Məmmədova, rayon Polis şöbəsində yetkinlik yaşına çatmayanların işləri üzrə uşaq inspektoru Elnur Ələkbərov, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti iştirak ediblər. RİH-in başçısı Alı Alıyev çıxış edərək tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olduğunu bildirdi. Alı Alıyev keçirilən silsilə maarifləndirici tədbirlərin yeniyetmələrin zərərli vərdişlərdən uzaq durmalarında böyük əhəmiyyət daşıdığını qeyd etdi. Rayon Polis şöbəsinin rəisi Zaur Abbasov çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumatlar verərək sağlam həyat tərzinin alternativi olmadığını, şagirdlərdə bu həyat tərzinin formalaşdırılması yönümündə ailə-məktəb münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı inam və sağlam əlaqələrin qurulması istiqamətində inkişaf etdirilməsinin zəruriliyini bildirdi.
Məktəb direktorları ilə mövzu ətrafında fikir bübadiləsi aparıldı və müvafiq izahatlar verildi.






