Rayon haqqında
İdman
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 194 saylı fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik qurulduqdan sonra Azərbaycanın bütün rayon və şəhərlərində regional idarələrin yaradılmasına başlanmış, elə həmin ildə də Gənclər və İdman Nazirliyinin yerli idarələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən Füzuli rayon Gənclər və İdman Sektoru yaradılmışdır. Sektor Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yerli sektoru kimi Füzuli rayonunda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirir.
Azərbaycan Respublikasının Prezidentinin 10 dekabr 2022-ci il 3643 nömrəli sərəncamına əsasən “Füzuli rayon üzrə Gənclər və İdman Sektoru” Qarabağ Regional Gənclər və İdman İdarəsinin tərkibində mərkəzləşdirilmiş idarəetmə sisteminə keçmişdir.
Gənclər və İdman Sektoru rayonda dövlətin gənclər və idman siyasətini həyata keçirən orqan olaraq, rayonda fəaliyyət göstərən bir sıra bədən tərbiyəsi və idman kollektivlərinin və gənclər təşkilatlarının işini koordinasiya edir, “Dövlət Gənclər siyasətinin” əsas istiqamətləri üzrə gənclərin fəaliyyətini stimullaşdırır:
-Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
-İstedadlı gənclərə dövlət qayğısı;
-Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
-Gənclərin məşğulluğunun təmin edilməsi;
-Gənc ailələrə dövlət yardımı;
-Gənclər təşkilatlarına dövlət yardımı
Sektoru bu istiqamətdə Azərbaycan Respublikasının qanunvericiliyini, eyni zamanda “Dövlət gənclər siyasəti” üzrə qəbul edilən dövlət proqramları və tədbirlər planını rəhbər tutaraq müəyyən tədbirlər həyata keçirir. Bu zaman öz fəaliyyətində müxtəlif dövlət müəssisələri, təşkilatları, idman cəmiyyətləri və gənclər təşkilatları ilə əməkdaşlıq edir və eyni zamanda onların qarşılıqlı fəaliyyətini koordinasiya edir.
Rayonumuzda Gənclərin (14-29 yaş arası olanların ) sayı 35988 nəfər.
Gənc ailələrin sayı - 2256
2022-cı ildə evlənən gənc ailələrin sayı- 289
2022-cı ildə boşanan gənc ailələrin sayı- 95
Gənclər evi - 1
ÜGİM-lərin sayı- 3
İdmanla məşğul olan gənclərin sayı- 7328 nəfər
İdman ustalarının, İdman ustalığına namizədlərin və dərəcəli idmançıların sayı- 319 nəfər.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı üçün münbit şərait yaranmışdır. “Azərbaycan Respublikasında futbolun inkişafına dair (2005-2015-ci illər ərzində) Dövlət Proqramı”nın, “Bədən tərbiyəsi və idman haqqında” Qanununun və “Azərbaycan Respublikasında 2009-2014-cü illər ərzində şahmatın inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi idmana dövlət qayğısının bariz nümunəsidir. Rayon ərazisində 1 Olimpiya İdman Kompleksi, 42 stadion, 1mini futbol stadionu, 31 idman zalı, 78 sadə idman qurğusu, 1 Şahmat məktəbi, 2 trenajor zalı gənclərin və idmançıların ixtiyarındadır.Rayon Gənclər və İdman Sektoru bədən tərbiyəsi və idmanın inkişafı üçün xüsusi tədbirlər planı işləyib hazırlamış, gənclərin fiziki və mənəvi cəhətdən tərbiyəsi üçün ciddi işlər görmüşdür. Yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsində, hərbin sirlərinə yiyələnməsində və çağırışaqədərki gənclərin hərbi xidmətə hazırlanmasında xüsusi əhəmiyyət kəsb edən “Şahin” və “Sərhəd” hərbi-idman oyunlarının rayonda hər il əsasnaməyə uyğun olaraq sektorumuzun təşkilatçılığı və rəhbərliyi ilə yüksək səviyyədə keçirilməsi və qalib komandaların zona və respublika birinciliklərində iştirakı təmin olunur.