Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai-siyasi və humanitar məsələlər şöbəsi

 

  Füzuli Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr  2018-ci il

   tarixli 139 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir

 

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

 

Ə S A S N A M Ə S İ

 

 1. Ümumi müddəalar

1.1.   Füzuli Rayon İcra Hakimiyyəti (bundan sonra icra hakimiyyəti) Aparatının struktur bölməsi olan İctimai-siyasi və humanitar məsələlər şöbəsi (bundan sonra şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq siyasi partiyalar, dini qurumlar, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, turizm müəssisələri, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasının, əhalinin sağlamlığının qorunması, ideoloji siyasi işin səmərəliyinin və demokratik dəyərlərin daha da inkişaf etməsinin təşkili işini, eləcə də müxtəlif maarifləndirici  və ümumrayon tədbirlərinin təşkilini həyata keçirir;

 

  1. 2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni, İcra Hakimiyyəti başçısının əmrlərini, sərəncamlarını, bu əsasnaməni və digər hüquqi aktları rəhbər tutur;

1.3.  Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Rayon İcra Hakimiyyəti başçısı Aparatının digər bölmələri və tabeliyindəki qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə  qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

 

 2. Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.       Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 2.0.1. Müvafiq sahədə İctimai-siyasi və humanitar siyasətin formalaşmasında iştirak edir və bu siyasətin həyata  keçirilməsini təmin edir;

2.0.2. Məktəblilər arasında müxtəlif intellektual oyunların və müsabiqələrin, milli-mənəvi dəyərləri təbliğ edən müxtəlif sərgilərin  təşkili;

2.0.3. Gender məsələlərinin tənzimlənməsi, məişət zorakılığı ilə mübarizə, uşaq hüquqlarının qorunması, gənclərin sağlam həyat tərzinə təşviqi və vətənpərvərlik ruhunda tərbiyyəsinin yüksək şəkildə qurulması istiqamətində dövlət siyasətinin həyata keçirilməsi və maarifləndirici tədbirlərin təşkili;

2.0.4. Şöbənin tədbirlər planına uyğun olaraq əlamətdar günlərdə, bayramlarda, tədbirlərin təşkili və kütləvi informasiya vasitələrində, saytlarda  yayımlanmasının təmin edilməsi;

2.0.5. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Şöbənin vəzifələri

3.0.   Şöbə bu Əsasnamə ilə  müəyyən  edilmiş  fəaliyyət istiqamətlərinə  uyğun  olaraq  aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1.  Rayon ərazisində fəaliyyət göstərən kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmaq və müvafiq işin aparılması, təhsil sisteminin inkişafını təmin edən dövlət proqramlarının layihələrinə dair başçıya təkliflər vermək və proqramın həyata keçirilməsinə nəzarət etmək, rayonun ictimai-siyasi və humanitar vəziyyətini təhlil edərək müvafiq təkliflər hazırlamaq və aidiyyatı mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək;

3.0.2.  Rayonun ərazisində vətəndaşların təhsil almaq hüquqlarının həyata keçirilməsi istiqamətində işlər aparmaq, məktəbdənkənar təhsil müəssisələrinin, uşaq, gənclər və elmi-maarifçilik təşkilatlarının işinə kömək göstərmək, məktəbəqədər, ümumi, məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas, əlavə təhsilin inkişafı və icbari ümumi orta təhsilin təşkili üçün təkliflər vermək;

3.0.4.  Rayon ərazisində uşaqların təhsilə cəlb edilməsi haqqında məlumatların           toplanması və təhlili işini təşkil etmək, əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirmək, təhsildən kənarda qalanların təhsilə cəlb edilmısi istiqamətində təkliflər hazırlamaq, təhsilin inkişaf səviyyəsi barədə əhalinin məlumatlandırılması işini təşkil etmək, dövlət təhsil müəssisələri şəbəkəsinin inkişafına dair təklifləri başçıya təqdim etmək;

3.0.6. Rayon ərazisində uşaq və gənclərin ictimai birliklərinin fəaliyyətini dəstəkləmək, gənclər təşkilatları  tərəfindən yaradıcılıq tədbirlərinin keçirilməsinə kömək göstərmək;

3.0.7.  Rayonun ərazisində mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarət etmək, mədəniyyət sahəsinin inkişafının təhlili və proqnozlaşdırılması işini təşkil etmək, mədəniyyət xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görmək, mədəniyyət və incəsənətin inkişafına dair dövlət proqramlarının layihələrinə dair təkliflər vermək və həmin proqramların rayon ərazisində icrasını təmin etmək, müvafiq təklifləri başçıya təqdim etmək;

3.0.8.  Rayon ərazisində dövlət mədəniyyət müəssisələrinin inkişafına və digər mədəniyyət müəssisələrinin fəaliyyətinə kömək göstərmək, tarix, mədəniyyət, təbiət  və mədəni irs obyektlərinin qorunması və mədəni-maarif idarələrinin işini təşkil etmək, kitabxana xidmətinin təşkilinə nəzarət etməyi həyata keçirmək;

3.0.9.  Rayon ərazisində turizm və istirahət obyektlərinin fəaliyyətinin dəstəklənməsi və turizmin inkişafı sahəsində dövlət siyasətinin həyat keçirilməsi sahəsində başçının tapşırıqlarına nəzarət etmək;

3.0.10.Rayonda dini qurumların işini diqqət mərkəzində saxlamaq, dini durumun sabitliyini və dini etiqad azadlığı sahəsində Azərbaycan Respublikasının Konstitusiyası prinsiplərinin qorunmasının təmin edilməsi, qeyri-ənənəvi destruktiv təriqətlərə və dini cərəyanlara qarşı müvafiq qurumlarla birlikdə sistemli işin təşkil edilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satışının, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qarşısının alınması istiqamətində təklifləri başçıya təqdim etmək;

3.0.11.Rayon ərazisində yaşayanların sağlamlığının qorunması hüququnun həyata keçirilməsinə kömək göstərmək, qanvermə hərəkatının və sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər görmək, humanitar sağlamlıq aksiyalarının, əhalinin sağlamlığının qorunması üzrə dövlət proqramlarının rayon ərazisində icrasına nəzarət etmək;

3.0.12.Rayon ərazisində narkomanlığa qarşı profilaktik tədbirlərin həyata keçirilməsinə kömək göstərmək;

 

4. Şöbənin hüquqları

4.0.     Şöbənin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1.  İcra Hakimiyyətinin kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı fəaliyyətini təmin etmək;

4.0.2. Rayon ərazisində  sakinlərin asudə vaxtının təşkili və mədəniyyət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi üçün şərait yaratmaq;

4.0.3.  Mədəniyyətin və incəsənətin inkişafına dair başçıya təkliflər vermək və həmin proqramların müvafiq ərazidə icrasına nəzarət etmək;

4.0.4.  Rayonun inkişaf meyllərinin müəyyənləşdirilməsi işinə qeyri-hökümət təşkilatlarını qarşılıqlı razılaşma əsasında cəlb etmək;

4.0.5.  Dövlətin ümummilli strateji siyasətinə uyğun olaraq dövlət qulluqçuları, ictimai təşkilatlar və siyasi partiyaların fəalları, rayon ərazisində yerləşən müxtəlif müəssisələrin, idarələrin kollektivləri və gənclər arasında müvafiq siyasi maarifləndirmə işinin aparılmasını təşkil etmək;

4.0.6. Vətəndaşların sağlamlığının qorunması hüququnun həyata keçirilməsinə köməklik göstərilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində işlər aparmaq;

4.0.7. Rayon ərazisində tibb müəssisələri tərəfindən əhaliyə xidmətlərin, o cümlədən təcili tibbi xidmətin göstərilməsini, əhalinin sağlamlıq durumunu və digər göstəriciləri əks etdirən statistik məlumatları təhlil etmək;

4.0.8.  Rayon ərazisində təhsil müəssisələrinin fəaliyyətini monitorinq etmək, təhsil göstəricilərini əks etdirən statistik məlumatları təhlil etmək;

4.0.9. Sosial və iqtisadi məsələlərə həsr olunmuş toplantılarda və mədəniyyət sahələri üzrə ictimai maraq doğuran məsələlərin müzakirəsində kütləvi informasiya vasitələrinin, siyasi partiyaların, dini qurumların və qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək;

4.0.10.Rayon ərazisində turizmin inkişafı məqsədilə digər müvafiq tədbirləri həyata           keçirmək.

 

5.Şöbənin fəaliyyətinin təşkili

5.1.     Şöbənin strukturu və əməkdaşlarının sayı Prezident tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə başçıya tabedir və onun qarşısında hesabat verir. Başçı tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

5.2.     Şöbənin fəaliyyətinə başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;

 

5.3.     Şöbənin başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavin və baş  məsləhətçiləri vardır. Şöbənin müavin və baş məsləhətçiləri şöbə müdiri tərəfindən onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada müavin və ya başçı tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.4.    Şöbə müdiri:

5.4.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. Tabeliyində olan vəzifəli şəxslər arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir;

5.4.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin təsdiq edilməsini təmin edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icra edilməsinə nəzarət edir;

5.4.4. Şöbə üzrə Rayon İcra Hakimiyyətinin Şura iclasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə  təkliflərini başçıya  təqdim edir;

5.4.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün digər struktur vahidləri və ya bölmələrindən zəruri məlumat və sənədləri alır;

5.4.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün  başçıya təqdimat verir; 

5.4.7. Şöbəni təmsil edir;

5.4.8. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.4.9. Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil  edir;

5.4.10.Şöbəni funksional fəaliyyətə uyğun olaraq Rayon İcra Hakimiyyətini müxtəlif tədbirlərdə təmsil edir;

5.5. Şöbənin işçiləri bu Əsasnamənin tələblərinin pozulmasına  görə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun  müvafiq olaraq məsuliyyət daşıyırlar.

Keçidlər