Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

 

Füzuli Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2021-ci

       il tarixli 105 nömrəli Sərəncamı  ilə təsdiq edilmişdir

 

Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin

 

Ə S A S N A M Ə S İ

 

1. Ümumi müddəalar

1.1.   Füzuli Rayon İcra Hakimiyyəti (bundan sonra  icra hakimiyyəti) Aparatının struktur bölməsi olan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi (bundan sonra şöbə) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq dövlət orqanları və qeyri-hökumət təşkilatları, ilə əlaqələrin qurulmasının, vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə işin təşkilini həyata keçirir;

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni, İcra Hakimiyyəti başçısının əmrlərini, sərəncamlarını, bu əsasnaməni və digər hüquqi aktları rəhbər tutur;

1.3.   Şöbə öz vəzifələrini yerinə  yetirərkən və hüquqlarını həyata keçirərkən Rayon İcra   Hakimiyyəti başçısı Aparatının digər bölmələri və tabeliyindəki qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə  qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

 2. Şöbənin fəaliyyət istiqamətləri

 

2.0.   Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Müvafiq sahədə bayramlarda və əlamətdar günlərdə bu qəbildən olan vətəndaşların ziyarət olunmasını təmin edir;

2.0.2. Rayon İcra Hakimiyyətinin başçısı Aparatında vətəndaşların qəbulunu həyata keçirir, şöbəyə ünvanlanmış ərizə, təklif və şikayətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını və onlara cavab verilməsini təmin edir;

2.0.3. Müharibə əlillərinin  və şəhid ailələrinin mənzil növbəsinə alınması və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə göndərilməsini təmin edir;

2.0.4. Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə görüşlərin keçirilməsinin təşkili;

2.0.5. İşlə, maddi yardımla və ərzaq yardımı ilə təmin olunan şəhid ailələrinin və vətən müharibəsi əlillərinin RİAİS-sistemində yerləşdirilməsi təşkili;

2.0.6. Şəhidlərin doğum günləri və anım günləri  tədbirlərinin təşkilini həyata keçirir və kütləvi informasiya vasitələrində, saytlarda  yayımlanmasının təmin edilməsi;

2.0.7. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Şöbənin vəzifələri

3.0.  Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq  aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1.  Şöbə ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə başçı qarşısında məsuliyyət daşıyır;

 

3.0.2.  Şöbə ona həvalə edilmiş vəzifələrə uyğun olaraq  idarəetmə fəaliyyətini həyata  keçirir və  başçının tapşırıqlarını yerinə yetirir;                     

 

3.0.3.  Rayon ərazisində müharibə  iştirakçılarının,  qazilərin və şəhid  ailələrinin  hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini təmin edir;

 

3.0.4. Müharibə əlillərinin və şəhid ailələrinin mənzil növbəsinə alınması və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə göndərilməsini təmin etmək;

3.0.5.  İşlə, maddi yardımla və ərzaq yardımı ilə təmin olunan şəhid ailələrinin və vətən müharibəsi əlillərinin RİAİS-sistemində yerləşdirilməsini təmin etmək;

3.0.6.  Şəhidlərin doğum günləri və anım günləri  tədbirlərinin təşkilini həyata keçirir və kütləvi informasiya vasitələrində, saytlarda  yayımlanmasının təmin etmək;

3.0.7. Fəaliyyət istiqamətinə uyğun olaraq vətəndaşlardan, dövlət orqanlarından, idarə,  müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq cavablandırmaq.

 

4. Şöbənin hüquqları

4.0.     Şöbənin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1.  İcra Hakimiyyətinin kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı fəaliyyətini təmin etmək;

4.0.2. Vətəndaşların müraciətləri əsasında aidiyyəti yerli dövlət orqanları ilə əlaqə yaratmaq və işin gedişatına nəzarət etmək;

4.0.3.  Şöbənin iş planına uyğun olaraq başçıya təkliflər vermək və həmin proqramların müvafiq ərazidə icrasına nəzarət etmək;

4.0.4.  Fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində İcra Hakimiyyətini dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;

4.0.5.  Fəaliyyəti istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümümiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.0.6. İcra Hakimiyyətini və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə İcra Hakimiyyətini təmsil etmək;

4.0.7. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.Şöbənin fəaliyyətinin təşkili

5.1.     Şöbənin strukturu və əməkdaşlarının sayı Prezident tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə başçıya tabedir və onun qarşısında hesabat verir. Başçı tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

5.2.     Şöbənin fəaliyyətinə başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;

5.3.     Şöbənin başçı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən böyük məsləhətçisi vardır.  Şöbənin böyük məsləhətçisi şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifənin yerinə yetirilməsi və hüququnun həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada böyük məsləhətçi və ya başçı tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir;

5.4.    Şöbə müdiri:

5.4.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. Tabeliyində olan vəzifəli şəxsin fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir;

5.4.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin təsdiq edilməsini təmin edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icra edilməsinə nəzarət edir;

5.4.4. Şöbə üzrə Rayon İcra Hakimiyyətinin Şura iclasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə  təkliflərini başçıya  təqdim edir;

5.4.5. Şöbənin vəzifələrini yerinə yetirmək üçün digər struktur vahidləri və ya bölmələrindən zəruri məlumat və sənədləri alır;

5.4.6. Şöbənin əməkdaşı barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün  başçıya təqdimat verir; 

5.4.7. Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil  edir;

5.4.8. Şöbəni funksional fəaliyyətə uyğun olaraq İcra Hakimiyyətini müxtəlif tədbirlərdə təmsil edir;

5.4.9. Şöbəni təmsil edir;

5.4.10.Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5. Şöbənin işçiləri bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

Keçidlər